Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili avropalı parlamentarilər – Gürcüstan-Avropa İttifaqı Assosiasiyası Parlament Komitəsinin sədri Marina Kaliurand və Gürcüstan üzrə məruzəçi Sven Mikserlə görüşüb.
Gürcüstan parlamenti tərəfindən yayılan məlumatda Şalva Papuaşvilinin Gürcüstan-Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığın intensiv gündəliyini vurğuladığı, Avropa İttifaqının on iki tövsiyəsinin icrası prosesində Gürcüstanın irəliləyişindən ətraflı danışdığı deyilir. O, həmçinin Assosiasiya Sazişində nəzərdə tutulmuş cari islahatların üzərindən keçib.
Görüşdə Gürcüstan parlamenti ilə Avropa Parlamenti arasında əlaqələrdən də danışılıb.
Şalva Papuaşvili avropalı parlamentarilərə Gürcüstanın Avropa gələcəyinə verdikləri dəstəyə görə təşəkkür edib.