Şalva Papuaşvili Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
Gürcüstanın parlament sədri Şalva Papuaşvili Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili ilə birlikdə Macarıstan Milli Assambleyasının sədr müavini İştvan İakab ilə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətindən verilən məlumatda tərəflərin Gürcüstan və Macarıstan arasında səmərəli çoxşaxəli əlaqələrin olduğunu qeyd etdiyi və 2022-ci ilin oktyabrında “Strateji Tərəfdaşlıq Bəyannaməsi”nin imzalanması ilə bu əlaqələrin strateji səviyyəyə qaldırılmasını müsbət qiymətləndirdikləri deyilir.
Şalva Papuaşvili Aİ-nin tövsiyələrinin Gürcüstan tərəfindən uğurla həyata keçirilməsindən danışıb və Macarıstanın Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda gələcək irəliləyişinə dəstəyinin vacibliyini vurğulayıb. Sədr, həmçinin Macarıstanın Şimali Atlantika Alyansına qoşulma prosesində Gürcüstanı dəstəkləyəcəyinə ümid etdiyini bildirib. İştvan İakab qeyd edib ki, Macarıstan Gürcüstanın Avropa və Avro-Atlantik istəklərini dəstəkləyir və Macarıstanın təcrübəsini Gürcüstanla bölüşməyə hazırdır.
Görüşdə parlamentlərarası əlaqələrin gücləndirilməsi və yaxın vaxtlarda iki ölkənin parlament sədrləri arasında görüşün keçirilməsi barədə razılığa gəliblər.