Şalva Papuaşvili Koreya Respublikasının nümayəndə heyəti ilə görüşüb
Şalva Papuaşvili Koreya Respublikasının Busan şəhərinin “Word Expo 2030” müraciətinə dəstək xüsusi komitəsinin üzvləri ilə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında Şalva Papuaşvilinin Gürcüstan və Koreya Respublikası arasında diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd etdiyi və Koreya tərəfinin Gürcüstana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdiyi deyilir.
“Tərəflər Gürcüstan parlamenti sədrinin Koreya Respublikasına səfərini müsbət qiymətləndiriblər. Şalva Papuaşvili Koreya Milli Assambleyasının sədrinin gələn il üçün nəzərdə tutulan Gürcüstan səfərini səbirsizliklə gözlədiyini qeyd edib.
Koreya tərəfi “Word Expo 2030″un Busan şəhərində keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu tədbir yeni birgə layihələrin və təşəbbüslərin müəyyənləşdirilməsi baxımından maraqlı olacaq. Koreya tərəfi Gürcüstanın Koreyanın namizədliyini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Bununla yanaşı, görüşdə Gürcüstan və Koreya Respublikası arasında əməkdaşlıq, o cümlədən parlament və özəl sektor arasında əlaqələrə toxunulub.
Nenskra SES layihəsi üzrə işlərin davam etdirilməsinin və Gürcüstanla Koreya Respublikası arasında azad ticarət rejiminin qəbulunun vacibliyi də vurğulanıb”- deyə Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında qeyd edilib.