Şalva Papuaşvili - İsveçrənin Gürcüstanın suverenliyinə verdiyi qəti dəstəyə görə minnətdarıq, onların Gürcüstan-Rusiya münasibətlərində vasitəçi funksiyasını yüksək qiymətləndiririk
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveçrə Konfederasiyasının Milli Şurasının prezidenti İren Kelini qəbul edir. Bağlı qapı arxasında keçirilən görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərdən və onun dərinləşdirilməsindən danışıblar.
Şalva Papuaşvili isveçrəli həmkarına əməkdaşlığa, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə və Avropa təcrübəsini bölüşdüyünə görə təşəkkür edib.
Papuaşvili bildirib ki, Gürcüstan və İsveçrə Konfederasiyası arasında 30 illik əməkdaşlıq siyasi, ticarət-iqtisadi, parlamentlərarası inkişaf sahələrində uğurlu tərəfdaşlığı əhatə edir.
“Sizləri salamlayıram, Gürcüstanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Assambleyasının Milli Şurasının prezidenti xanım İren Kelini və onu müşayiət edən nümayəndə heyətini qəbul etmək mənim üçün böyük şərəfdir. Görüşdə ölkələrimiz arasında uzun illər mövcud olan səmərəli əməkdaşlıqdan danışdıq. Biz İsveçrə Konfederasiyasının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi qəti dəstəyə görə minnətdarıq. Biz İsveçrənin Gürcüstan- Rusiya münasibətlərində vasitəçi funksiyasını, eləcə də İsveçrə səfirliyində Gürcüstanın maraqları şöbəsinin dəstəyini yüksək qiymətləndiririk. İsveçrə parlamentinin nümayəndə heyətinin səfəri simvolik və xüsusi əhəmiyyət kəsb edir, çünki bu il Gürcüstan və İsveçrə Konfederasiyası arasında diplomatik münasibətlərin bərpasının 30 illiyi qeyd olunur. 30 illik əməkdaşlığa siyasi, ticarət-iqtisadi, parlamentlərarası, inkişaf istiqamətlərində uğurlu tərəfdaşlıq daxil olub. Qeyd edək ki, son illər mövcud əməkdaşlığa ətraf mühitin mühafizəsi, peşə təhsili, insanlar arasında münasibətlər və digər istiqamətlər də əlavə olunub. Biz İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin Gürcüstanın iqtisadi və sosial transformasiyalarına verdiyi töhfəni xüsusilə yüksək qiymətləndiririk. Biz bu müsbət tendensiyanı davam etdirməyə və ölkələrimiz arasında tərəfdaşlığı daha da dərinləşdirməyə hazırıq.
Görüşdə biz həmçinin parlamentlərarası əlaqələri, o cümlədən dostluq qrupları və sahə komitələri arasında tərəfdaşlığı da müzakirə etdik. Bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi, daha çox səfərlərin və görüşlərin keçirilməsi ikitərəfli münasibətlərin vətəndaşlarımızın mənafeyi naminə daha da inkişafına mühüm töhfə verəcək. Mən xanım Kelinə və onun həmkarlarına bir daha gəldikləri üçün, eləcə də əməkdaşlığı və dostluğu dərinləşdirmək istəyinə görə təşəkkür edirəm” – deyə Şalva Papuaşvili bildirib.