Şalva Papuaşvili İspaniya Krallığının Nümayəndələr Konqresinin xarici və Avropa işləri komitələrinin sədrləri və üzvləri ilə görüşüb
Şalva Papuaşvili İspaniya Krallığının Nümayəndələr Konqresinin xarici və Avropa işləri komitələrinin sədrləri və üzvləri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İspaniya Krallığının Nümayəndələr Konqresinin xarici və Avropa işləri komitələrinin sədrləri və üzvləri ilə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında görüşdə Gürcüstan və İspaniya münasibətlərinə toxunulduğu deyilir. Komitələr arasında əlaqələrin aktivləşdirilməsinin vacibliyi vurğulanıb.

Şalva Papuaşvili Xarici İşlər Komitəsinə Rusiya qoşunlarının Gürcüstan və Moldova Respublikası ərazilərində olmasını pisləyən və bu iki dövlətin ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etdiyinə görə təşəkkür edib.

Tərəflər Rusiyanın Ukraynadakı müharibəsindən və onun Avropa qitəsi üçün nəticələrindən, eləcə də Qara dəniz regionunda baş verən hadisələrdən danışıblar. Gürcüstanın Avropanın və dünyanın sülh və təhlükəsizliyinə töhfəsi və səyləri vurğulanıb.

Şalva Papuaşvili Avropa İttifaqının 12 tövsiyəsinin Gürcüstan parlamenti tərəfindən həyata keçirilməsi prosesi barədə ətraflı danışıb.

Komitələrin üzvləri Avropa İttifaqına üzvlük yolunda Gürcüstanı tam dəstəklədiklərini və İspaniyanın təcrübəsini bölüşməyə hazır olduqlarını bildiriblər.

Gürcüstan parlamentinin nümayəndə heyətinin tərkibinə Şalva Papuaşvili ilə yanaşı, Levan İoseliani, Davit Sonğulaşvili, Beka Odişaria, Levan Karumidze, İrma Zavradaşvili və parlament sədrinin kabinetinin rəhbəri Levan Maxaşvili daxildir.