Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumatda tərəflərin iki ölkə və xalq arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərini müsbət qiymətləndirdikləri deyilir. Nəqliyyat, enerji, mədəniyyət, insanlar arasında əlaqələr istiqamətlərində cari və planlaşdırılan layihə və fəaliyyətlər müzakirə edilib. İkitərəfli əlaqələrin möhkəmləndirilməsində Gürcüstan və Azərbaycan parlamentlərinin rolu və əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin regionda təhlükəsizlik mühiti, Qarabağla bağlı proseslər və uzunmüddətli sülhün bərqərar olması imkanları müzakirə olunub.
Şalva Papuaşvilinin rəhbərlik etdiyi Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədir. Nümayəndə heyətinə parlamentin vitse-spikeri Arçil Talakvadze, “Gürcü Arzusu” fraksiyasının sədr müavini Qreta Tsitsava, parlament çoxluğunun üzvləri: Savalan Mirzoev, Zaur Darğallı və “Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət “Güc birlikdədir” fraksiyasının üzvü Ramaz Nikolaişvili daxildir.