Gürcüstan Aİ-yə inteqrasiya yolunda Avropa perspektivini artıq alıb və bir çox nəsillərin arzuladığı və bir çox nəsillərin mübarizə apardığı onun Avropa gələcəyinə dair artıq heç bir sual yoxdur. Gürcüstan tərəddütsüz Avropaya məxsusdur-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Klinqendael İnstitutunda ictimai müzakirədə çıxışı zamanı açıqlayıb.
Gürcüstanın Avropa perspektivindən danışan Şalva Papuaşvili diqqəti regionda cərəyan edən proseslərə, siyasi, iqtisadi, sosial, iqlim və hərbi sahədə baş verən dəyişikliklərə yönəldib.
O, bu dəyişikliklərə baxmayaraq, Gürcüstanın öz xarici-siyasi prioritetlərini qoruyub saxladığını bildirib.
“Biz dəyişən dünyada yaşamalı oluruq. Dəyişikliklər siyasi, iqtisadi, sosial, iqlim və hərbi çətinliklərə səbəb olur. Rusiyanın Ukraynaya təcavüzü, Ermənistanla Azərbaycan arasında yenilənmiş hərbi münaqişə və digər çağırışlar bunun bariz nümunəsidir. Avropanın təhlükəsizlik arxitekturası çox böyük təzyiqə məruz qalıb.
Sözügedən dəyişikliklər və turbulent şəraitində Gürcüstan öz xarici-siyasi prioritetlərini qoruyub saxlamağı bacarır” – deyə Şalva Papuaşvili açıqlayıb.
Parlamentin sədri Avropa İttifaqının tövsiyələrinin yerinə yetirilməsi baxımından Gürcüstanın irəliləyişindən danışıb.
O, namizəd statusunun verilməsinin regionun digər ölkələri üçün də stimul olacağını və eyni zamanda, regionu Rusiyanın geosiyasi səylərindən qoruyacağını bildirib.
“Avropa İttifaqının tövsiyələrini böyük həvəslə həyata keçirməyə başladıq. Proses hələ bitməsə də, son altı ayda Gürcüstan ciddi irəliləyiş əldə edib. Məqsədimiz dövlət institutlarını gücləndirmək, Aİ qanunvericiliyinə daha da yaxınlaşmaq və ölkənin tam avropalaşmasıdır.
Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi Gürcüstanın hələ gənc, lakin dinamik inkişaf edən demokratiyasına daha çox enerji qatacaq və regionumuzun digər ölkələri üçün böyük stimul olacaq.
Namizədlik statusu regionumuzu yenidən geosiyasi dəmir pərdə ilə örtmək istəyən Rusiya kimi qərəzkarların səylərini də azaldacaq” -deyə Şalva Papuaşvili açıqlayıb.
“Gürcüstanın Avropa perspektivi” adlı ictimai müzakirə Şalva Papuaşvilinin və onu müşaiət edən nümayəndə heyətinin Niderland Krallığına səfəri çərçivəsində baş tutub.