Şalva Papuaşvili BMT-nin Qadınlar Təşkilatının icraçı direktorunun müavini ilə görüşüb
Şalva Papuaşvili BMT-nin Qadınlar Təşkilatının icraçı direktorunun müavini ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili BMT-nin Qadınlar Təşkilatının siyasət, proqram, vətəndaş cəmiyyəti və hökumətlərarası dəstək məsələləri üzrə icraçı direktorunun müavini Asa Reqner ilə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, Şalva Papuaşvili görüşdə Gürcüstanın gender bərabərliyi istiqamətində irəliyə atdığı addımlardan danışıb.Belə ki, Papuaşvili yaxın gələcəkdə qəbul ediləcək gender bərabərliyi konsepsiyasını, gender kvotalarının və parlamentdə gender təsirinin qiymətləndirilməsi alətinin qəbulunu vurğulayıb.

“Asa Reqner Gürcüstanın qadınların səlahiyyətlərinin artırılması və gender bərabərliyi yolunda əldə etdiyi irəliləyişi müsbət qiymətləndirib və qeyd edib ki, Gürcüstan qlobal müzakirə üçün vacib olan təcrübə və konkret nümunələrə artıq malikdir. Asa Reqner Gürcüstanı bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirib. Şalva Papuaşvili səmərəli əməkdaşlıq və dəstəyə görə BMT-nin Qadınlar Təşkilatına təşəkkürünü bildirib. Görüşdə Gender Bərabərliyi Şurasının sədri Nino Tsilosani iştirak edib” -deyə məlumatda deyilir.