Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında Şalva Papuaşvilinin Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini vurğulayaraq, Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünə güclü dəstəyinə görə minnətdarlığını ifadə etdiyi deyilir.
“Parlament əlaqələri, ticarət-iqtisadiyyat, təhsil, elm və mədəniyyət sahələrində səmərəli əməkdaşlıq görüşün əsas mövzuları olub. Görüşdə Azərbaycanın Baş nazirinin səfəri çərçivəsində Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının keçirilməsi faktını alqışlayıblar. Cənubi Qafqaz regionunda sülhün və sabitliyin vacibliyi vurğulanıb.
Görüşdə Cənubi Qafqazın vacib tranzit, nəqliyyat və enerji funksiyasına, Azərbaycan və Gürcüstanın iştirakı ilə Asiyanın Avropa ilə əlaqəsini təmin edən layihələrə toxunulub.
Tərəflər diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə diqqət yetirib və strateji tərəfdaşlığı dərinləşdirməyə dair hazırlıq ifadə ediblər. Görüşdə parlamentin sədri ilə birlikdə Arçil Talakvadze, Avtandil Enukidze, Levan İoseliani, Nikoloz Samxaradze, Savalan Mirzoyev, Zaur Darğallı və Teona Akubardia iştirak ediblər” – deyə məlumatda deyilir.