Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlament nümayəndə heyəti ilə birlikdə noyabrın 29-dan dekabrın 3-dək Almaniya Federativ Respublikasında səfərdə olacaq.
Gürcüstan parlamenti tərəfindən verilən məlumatda parlament sədrinin Bundestaqın prezidenti Berbel Bas və Bundestaqın Avropa İttifaqı Məsələləri üzrə Komitəsinin sədri Anton Hofraiterlə görüşəcəyi deyilir.
Bundestaqın Hüquq Məsələləri üzrə Komitəsinin sədri Elizabet Vinkelmaiyer-Bekker, Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Tsimmerman, İnsan Hüquqları Komitəsinin sədri Renata Alt ilə görüşlər keçiriləcək.
Parlamentin sədri və parlament nümayəndə heyəti Bundestaqın Cənubi Qafqaz parlament qrupunun üzvləri, CDU fraksiyasının üzvləri, NATO və Şərq Tərəfdaşlığı istiqamətində məruzəçilər, SPD fraksiyasının xarici siyasət spikeri və Xarici İşlər Nazirliyinin dövlət naziri ilə görüşlər keçirəcək.
Şalva Papuaşvili Gürcüstan və Almaniya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Səfər çərçivəsində Bundestaqda Gürcü-alman Forumunun üzvləri ilə görüş keçirilməsi nəzərdə tutulub.
Parlament nümayəndə heyətinin tərkibinə deputatlar Nikoloz Samxaradze, Anri Oxanaşvili, Levan Kobiaşvili, Nino İobaşvili, İrakli Şatakişvili və Xatuna Samnidze daxildir.