Şalva Papuaşvili Almaniyanın yeni təyin olunmuş səfiri ilə görüşüb
Şalva Papuaşvili Almaniyanın yeni təyin olunmuş səfiri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniya Federativ Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Fişer ilə görüşüb.

Parlamentin sədri görüşdə Gürcüstan və Almaniya arasında ənənəvi möhkəm və dostluq münasibətlərinin olduğunu vurğulayıb. Gürcüstan və Almaniya arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümünün əhəmiyyəti qeyd edilib.

Şalva Papuaşvili Almaniyanın Gürcüstanın ərazi bütövlüyünə və Avropa gələcəyinə verdiyi dəstəyə, eləcə də Almaniyanın Gürcüstanın institusional və sosial-iqtisadi inkişafına verdiyi müstəsna töhfəyə görə minnətdarlığını bildirib.

Tərəflər Avropa İttifaqının tövsiyələrinin həyata keçirilməsi istiqamətində davam edən iş prosesindən danışıblar. Həmçinin, Gürcüstanın baş nazirinin Almaniyaya səfəri və parlament sədrinin Berlinə planlaşdırılan səfəri ətrafında da fikir mübadiləsi aparılıb.

Piter Fişer Almaniyanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə güclü dəstəyini təsdiqləyib. Almaniya səfiri ölkəsinin Gürcüstana Avropa İttifaqına daxil olmaq yolunda kömək etməyə davam edəcəyini açıqlayıb.

Bu barədə məlumatı parlamentin mətbuat xidməti yayır.