Şalva Papuaşvili - Aİ-Cənubi Qafqaz Yaşıl Enerji Tərəfdaşlığı, Qara dəniz sualtı elektrik kabeli bütün regionun Avropa gələcəyi üçün strateji sərmayə olacaq
Gürcüstan ticarət və əlaqə qovşağı kimi tarixi rolunu bərpa edir – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Twitter” sosial şəbəkəsində Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsi ilə bağlı dörd ölkənin imzaladığı sənədə belə münasibət bildirib.
“Aİ-Cənubi Qafqaz Yaşıl Enerji Tərəfdaşlığı və onun Qara dəniz sualtı elektrik kabeli kimi flaqman layihələri bütün regionun yaşıl, dinc və Avropa gələcəyi üçün strateji sərmayə olacaq”- deyə Şalva Papuaşvili yazır.
Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsini imzalayıblar. İmzalanma mərasimi Rumıniyada, Kotrochen sarayında keçirilib. Sənədi Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuka və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
Mərasimdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien iştirak edib.