Şalva Papuaşvili ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin administratorunun köməkçisi ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) demokratiya, insan haqları və idarəetmə məsələləri üzrə administratorunun köməkçisi Şenon Qrin ilə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına əsasən, Şalva Papuaşvili USAID-in Gürcüstana uzunmüddətli dəstəyinə görə minnətdarlığını bildirib. O, USAİD-in 2020-2025-ci illər üçün strategiyasında Gürcüstan üçün müəyyən edilmiş və Gürcüstanın gələcək demokratik inkişafına, iqtisadi artıma və dayanıqlılığın gücləndirilməsinə yönəlmiş prioritetləri təqdir edib.
“Şenon Qrin USAID-in Gürcüstanla əməkdaşlığını müsbət qiymətləndirib. O, Gürcüstanı Aİ-yə namizəd ölkə statusu münasibətilə təbrik edib. Tərəflər Avropa İttifaqının doqquz addımının Gürcüstan tərəfindən həyata keçirilməsindən danışıblar. Həmçinin gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Şenon Qrin Avropa İttifaqının doqquz addımının həyata keçirilməsi də daxil olmaqla, Gürcüstana bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib” – məlumatda qeyd olunub.