Şalva Papuaşvili - 2024-cü ili daha inamlı və güclənmiş, dinc və Avropalı Gürcüstanda qarşılayırıq, təbrik edirik, dəstəyinizə və etimada görə minnətdarıq
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili vətəndaşları Yeni il münasibətilə təbrik edir.
Parlamentin sədri qeyd edir ki, Gürcüstan özünün müasir tarixində ən böyük qələbələrdən birinə nail olub və hamı birlikdə Aİ üzvlüyünə namizəd ölkə statusunu layiqincə və şərəflə qazanıb.
Şalva Papuaşvili dəstəyə və etimada görə hər kəsə təşəkkür edir.
“Əziz həmvətənlərim, biz yeni ili yüksək və əsl bayram əhvali-ruhiyyəsi ilə qarşılayırıq. Gürcüstan müasir tarixində ən böyük qələbələrdən birinə nail oldu – biz hamımız birlikdə Aİ üzvlüyünə namizəd ölkə statusunu layiqincə və şərəflə qazandıq. Sizin daimi dəstəyinizlə Gürcüstan iqtidarı ən böyük çağırışların öhdəsindən gələ bildi. Gürcü cəmiyyəti radikalizmdən imtina edərək vətəndaşların rifahına yönəlmiş, milli maraqlara əsaslanan daxili və xarici siyasətə inamını ifadə etdi. Nəticədə, biz yeni 2024-cü ili daha inamlı və güclənmiş, dinc və Avropalı Gürcüstanda qarşılayırıq. Sizi təbrik edir və dəstəyinizə və etimadınıza görə minnətdaram. 2023-cü ilin təbii fəlakətlərinin ağır dəqiqələrində də peşəkarlığı, fədakarlığı və vətənə sevgisi ilə ölkəmizi gücləndirən, daha gözəl gələcək ümidini qoruyub saxlayan müdafiə qüvvələrinə, polislərə, yanğınsöndürən-xilasedicilərə, tibb işçilərinə, dövlət qulluqçularına, hər kəsə təşəkkür edirəm. İşğal olunmuş bölgələrdə yaşayan insanları, abxaz və osetin qardaşlarımızı, gürcü diasporunu və gürcü xalqının bütün dostlarını Yeni il münasibətilə təbrik edirəm. İnanıram ki, biz birlikdə vətənimizin birliyini və Avropa gələcəyini uğurla qura biləcəyik. Xalqımızın mənəvi lideri olan, mənəviyyatımızın, dəyərlərimizin keşiyində layiqincə dayanan ana kilsəni Yeni il münasibətilə təbrik edirəm. Bu gün yeni il adət-ənənələrini bizimlə bölüşən valideynlərimizi və bu gün bu ənənələri paylaşdığımız gələcək nəsilləri – övladlarımızı xüsusilə təbrik edirəm. Nəsillər arasında qırılmayan ənənələr zənciri min illər boyu bir xalq kimi kimliyimizi qoruyub saxlayandır. Mən hamınızı yeni 2024-cü il münasibətilə bir daha təbrik etmək istəyirəm, sizə sülh, firavanlıq, vətənimizə inkişaf və qələbə arzulayıram” – deyə Şalva Papuaşvili Yeni il təbrikində deyib.