Şalva Papuaşvili - 12 bəndi yerinə yetirmək üçün hər şeyi edirik, sonra növbə Aİ-nin olacaq, tərəfdaşlardan dəstəkləyici sözlər eşidirik
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlament nümayəndə heyətinin Avropa İttifaqına üzv dövlətlərə səfərlərini davam etdirəcəyini bildirib.
O, səfərlərin məqsədinin tərəfdaşlarla Avropa İttifaqının təqdim etdiyi tövsiyələr barədə danışmağa və Gürcüstanın bu bəndləri yerinə yetirmək üçün nələr etdiyini göstərməyə xidmət etdiyini qeyd edib.
“Avropa İttifaqına üzv dövlətlərə səfərimizi davam etdiririk. İspaniya, Portuqaliya, Almaniyadan sonra indi Hollandiya və Lüksemburqda görüşlərimiz olacaq. Hollandiyada parlamentin aşağı və yuxarı palatalarının sədrləri, həmçinin “Eurojust”ın prezidenti ilə görüşlərimiz olacaq. Bundan əlavə, politoloqlarla birlikdə ictimai diskussiyamız olacaq.
Səfərlərin əsas məqsədi tərəfdaşlarla Gürcüstanın Aİ-yi yolunda əldə etdiyi irəliləyişlər barədə danışmağa, 12 tövsiyəni təmin etmək üçün nə etdiyimizi, eləcə də iyun ayında statusun verilməməsinin bizim üçün əlbəttə ki, məyusluq doğurduğunu açıqlamağa xidmət edir. Gürcüstana Ukrayna və Moldovadan fərqli münasibət göstərilməsinin düzgün qərar olmaması ilə bağlı artıq hamı razılaşır.
Ən əsası odur ki, biz, Gürcüstan parlamenti və hakimiyyət 12 bəndin yerinə yetirilməsi üçün hər şeyi edirik. Artıq bir neçə qanunun qəbul edildiyini bilirsiniz. İlin sonuna qədər bir neçə bənd ilə bağlı müvafiq dəyişikliklər etmək üçün yenə imkanımız olacaq. Bundan sonra ədalətli qiymətləndirmə və müvafiq qərar qəbul etmək növbəsi Aİ-nin olacaq” – deyə Şalva Papuaşvili açıqlayıb.