Salome Zurabişvilinin Rumıniyaya rəsmi səfəri başlayıb
Salome Zurabişvilinin Rumıniyaya rəsmi səfəri başlayıb

Gürcüstan prezidenti Salome Zurabişvilinin Rumıniyaya rəsmi səfəri başlayıb.

Buxarestdə “Henri Koanda” beynəlxalq hava limanında Salome Zurabişvilinin qarşılanma mərasimi keçirilib.

Gürcüstanın Rumıniyadakı səfiri Nikoloz Nikolozişvili, Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Pota, Rumıniyanın Gürcüstandakı səfiri Razvan Rotundu “Henri Koanda” Beynəlxalq Hava Limanında prezidenti qarşılayıblar.

Gürcüstanın Rumıniyadakı səfiri Nikoloz Nikolozişvili bu səfərin həm simvolik, həm də praktiki məqsəd daşıdığını açıqlayıb. O, prezidentlərin “Gürcüstan və Rumıniya arasında strateji əlaqələrin qurulması haqqında” sənəd – birgə bəyannamə imzalayacaqları faktının səfərə tarixi əhəmiyyət verdiyini bildirir.

“Rumıniya Gürcüstanın suverenliyinin, ərazi bütövlüyünün, Gürcüstanın Avropa və Avro-Atlantik istəklərinin sarsılmaz tərəfdarıdır. 2019-cu ildə biz Gürcüstan-Rumıniya münasibətlərinin 300 illiyini qeyd etdik, bu il isə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Gürcüstan prezidenti rumıniyalı həmkarı, prezident Klaus İohannis, həmçinin baş nazir və Rumıniya parlamentinin Deputatlar Palatasının və Senatının sədrləri ilə görüş keçirəcək. Gürcüstan prezidenti Rumıniyanın Kostansa liman şəhərinə də səfər edəcək”- deyə Gürcüstanın Rumıniyadakı səfiri bildirib.

Gürcüstanın rəsmi nümayəndə heyətinə Gürcüstanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Nikoloz Nikolozişvili, Gürcüstanın xarici işlər nazirinin müavini Teimuraz Canjalia, Rumıniya Parlamenti ilə Dostluq Qrupunun üzvü Teona Akubardia, Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin direktor müavini İvane Abaşidze, Gürcüstanın prezidentinin Xəzər və Qara dəniz regionlarının energetika və tranzit məsələləri üzrə müşaviri Liana Jervalidze daxildir.

Məlumatı Gürcüstan prezidentinin administrasiyası yayır.