Salome Zurabişvili seçki saxtakarlığı ilə bağlı ifadələrinə görə dindirilmək üçün prokurorluğa çağırılıb
Gürcüstan Prokurorluğu Mərkəzi Seçki Komissiyasının 30 oktyabr 2024-cü il tarixli müraciətinə əsasən, Gürcüstan Cinayət Məcəlləsinin 164³-cü maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri ilə parlament seçkilərinin saxtalaşdırılması iddiası ilə istintaq başlayıb. Bu barədə Prokurorluq məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, MSK-nın elanına və kütləvi informasiya vasitələri vasitəsilə ictimai məkanda yayılan məlumatlara əsasən, Gürcüstan prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır və bu səbəbdən də qanuna əsasən, Gürcüstan prezidenti bu il oktyabrın 31-də istintaq orqanına dindirilmək üçün çağırılıb.
“Gürcüstan Prokurorluğu eyni zamanda Gürcüstan prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin səsləndirdiyi faktların öyrənilməsi məqsədilə MSK-nın sərəncamında göstərildiyi kimi bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək. Onların arasında istintaq çərçivəsində iddia edilən cinayət faktı ilə bağlı məlumatı olan şəxslərin hamısı dindiriləcək.
Burada ictimaiyyətin diqqətinə çatdırırıq ki, hüquq-mühafizə orqanları seçkiqabağı dövrdə və səsvermə günü aşkar edilmiş fərdi qanun pozuntularının öyrənilməsi məqsədilə bir sıra cinayət işləri üzrə fəal araşdırmalar aparır. Dövlət prokurorluğu araşdırmanın nəticələri barədə ictimaiyyəti vaxtaşırı məlumatlandıracaq”, – deyə prokurorluğun yaydığı məlumatda bildirilir.