Salome Zurabişvili - Rusiya təcavüzünə qarşı fədakar mübarizə bizdə yalnız hörmət, həmrəylik və dəstək oyadır, Gürcüstan Ukraynanı dəstəkləyib və dəstəkləyir
Rusiya təcavüzünə qarşı fədakar mübarizə bizdə yalnız hörmət, həmrəylik və dəstək oyadır. Gürcüstan Ukraynanı və ukraynalıları dəstəkləyib və dəstəkləyir-bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə çıxışı zamanı bildirib.
Salome Zurabişvilinin sözlərinə görə, o, Ukraynanın qanunverici orqandakı nümayəndəsinə və bu gün Kiyev, Odessa və ya Mariupolda Avropa gələcəyimizi müdafiə edən hər kəsə təşəkkür edir.
” Bu gün biz dəhşətli kadrların şahidi oluruq. Rusiya tərəfindən bombalanmış xəstəxanalar, uşaq onkoloji xəstəxanaları, uşaq bağçaları və məktəblər, və ya eyni dindən olan insanların məbədləri. Yaşlıların və hamilə qadınların təxliyyəsi. Ukrayna döyüşçülərinin , yaxud mülki vətəndaşların öz torpaqlarını, vətənlərini qorumaq və müstəqilliklərini xilas etmək üçün amansız mübarizəsi. Rusiya təcavüzünə qarşı belə fədakar mübarizə bizdə yalnız hörmət, həmrəylik və dəstək oyadır. Gürcüstan Ukraynanı və ukraynalıları dəstəkləyib və dəstəkləyir. Sizdən ayağa qalxaraq həmrəyliyimizi təsdiq etməyinizi xahiş edirəm. Zəhmət olmasa fədakar qəhrəmanları bir dəqiqəlik sükutla yad edək. Bu gün buraya gəlmiş Ukrayna nümayəndəsi cənab Andrey Kasyanov və onunla birlikdə bu gün Kiyevdə, Odessada və ya Mariupolda azadlığımızı və Avropa gələcəyimizi müdafiə edənlərin hamısına təşəkkür etmək istərdim. Bilmənizi istəyirəm (səfir səlahiyyətlərini icra edən nümayəndəyə müraciət edirəm) biz burada bütövlükdə Gürcüstanın vahid ruhunu ifadə edirik. Biz burada, buraya toplaşanlar dövlətin və onun bütün qurumlarının, bütün siyasi qüvvələrin, sadə vətəndaşların dəstəyini ifadə edirik.
Həmçinin, onu da vurğulamaq istərdim ki, bu gün bizimlə birlikdə Kilsə təmsil olunur və biz hamımız birlikdə Ukraynanı və ukraynalıları tam dəstəkləyirik. Bu gün bu faciələri izləyənlər içərisində çoxəsrlik rus imperializminin mənasını ən yaxşı başa düşən biz gürcülərik. Biz gürcülər Ukrayna xalqının yaşadıqlarını çox yaxşı anlayırıq və paylaşırıq. Ukrayna və Gürcüstan bir yoldan keçmişik: Rusiya imperiyasından azad olmaq, müstəqillik əldə etmək, Sovet Rusiyası tərəfindən işğal edilmək – öz üsyanları, repressiyaları, müstəqilliyin bərpası, Rusiyanın təhrik etdiyi separatçı münaqişələr, yenə müharibə və yenə işğal. Buna baxmayaraq, heç kim və heç nə bizi azadlıqdan, müstəqillikdən döndərə bilmədi. Seçdiyimiz tarixi Avropa yoluna heç kim və heç nə arxa çevirməmizə səbəb ola bilmədi. Gürcüstanın tarixi, eləcə də Ukraynanın tarixi qürur və sədaqət tarixidir. Tariximiz sınaq və faciələrin , işğalçılarla amansız, qəhrəmancasına, fədakar mübarizənin nümunəsidir. Xalq belə yaranır. Gürcü xalqının çoxəsrlik tarixinin möcüzəsi onun dözümlülüyündə, təkəbbürlüyündə, sarsılmazlığında, məğrurluğunda olub və indi də belədir. Bu gün biz Ukraynada məhz belə möcüzəvi istəyə şahid oluruq, inanıram ki, bu, yalnız qələbə ilə bitə bilər” – deyə Salome Zurabişvili bildirib.
Prezidentin parlamentdəki illik çıxışında baş nazir, hökumət üzvləri, diplomatik korpusun və kilsənin nümayəndələri iştirak edirlər.