Salome Zurabişvili - Polşanın Ukraynaya dəstək addımları onun Aİ liderlərindən biri olduğunu göstərir
Salome Zurabişvili - Polşanın Ukraynaya dəstək addımları onun Aİ liderlərindən biri olduğunu göstərir

ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb. Bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Görüş zamanı Ukraynadakı hazırkı münaqişə, regiondakı vəziyyət, Ukraynaya dəstək və həmrəylik məsələlərindən danışılıb.

Zbiqnev Rau görüşdən sonra bildirib ki, həm ATƏT, həm də Polşa Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

“Mən həm Polşa dövləti, həm də ATƏT adından Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyimi bir daha bəyan etmək üçün buradayam”, – Rau bildirib.

Gürcüstan Prezidentinin qeyd etdiyi kimi, Polşanın Ukraynaya və ukraynalı qaçqınlara dəstək üçün atdığı mühüm addımlar Polşanın Avropa İttifaqında liderlərdən biri olduğunu göstərir.

Prezident Polşanın xarici işlər nazirinə Gürcüstanın sürətləndirilmiş Avropa İttifaqına daxil olma prosesinə verdiyi dəstəyə görə təşəkkür edib.

Salome Zurabişvili nazirə may ayında Tbilisidə keçirilməsi planlaşdırılan Qadın Liderlərin Beynəlxalq Konfransı haqqında məlumat verib və bu konfransda qadınların münaqişələrdə roluna diqqət yetiriləcək.