Salome Zurabişvili - Gürcüstanla Azərbaycan arasında münasibətlərin belə müsbət inkişafı əməkdaşlığın dərinləşməsi üçün daha möhkəm zəmin yaradır
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.
Gürcüstan Prezident Administrasiyasının məlumatında Salome Zurabişvilinin Baş nazirin Gürcüstana rəsmi səfərini alqışladığı və Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərinin yaxın gələcəkdə baş tutacağına ümid etdiyini söylədiyi deyilir.
Administrasiyadan verilən məlumata əsasən görüşdə dünyada və regionda cərəyan edən proseslər fonunda Gürcüstanla Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin daha da önəm kəsb etdiyi vurğulanıb.
Salome Zurabişvili ölkələr arasında münasibətlərin belə müsbət inkişafının tərəfdaşlıq əməkdaşlığının dərinləşməsi üçün daha möhkəm zəmin yaratdığını bildirib. O, Gürcüstanla Azərbaycan arasında münasibətlərin məhz suverenlik və ərazi bütövlüyü prinsipinə hörmət üzərində qurulduğunu qeyd edib.
Gürcüstan Prezident Administrasiyasının məlumatında Azərbaycanın Baş nazirinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədiyi deyilir.
Bundan əlavə, Orbeliani sarayında keçirilən görüşdə iqtisadiyyat, enerji və infrastruktur sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələsi və birgə layihələrin əhəmiyyəti müzakirə olunub. Azərbaycanın Baş naziri geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat və enerji istiqamətində maksimum potensialdan istifadənin vacib olduğunu söyləyib.
Prezident Administrasiyasından qeyd edildiyi üzrə, görüşdə Aİ-nin infrastruktur və enerji layihələrinin həyata keçirilməsində iştirakının vacibliyi vurğulanıb. Onların məlumatına əsasən Gürcüstan və Azərbaycan mövcud çağırışlar fonunda təkcə regionun deyil, həm də Avropanın təhlükəsizliyinin və sabitliyinin möhkəmləndirilməsi prosesinə ən böyük töhfəni verdiklərini təsdiqləyirlər.