Salome Zurabişvili - Gənclərə demək istəyirəm ki, bayraq sizə məxsusdur, siz onu ölkənin gələcəyi olan yerə aparmalısınız, heç kimə bayraq altındakı dəyərləri dəyişməyə imkan verməyin
Bizim bayrağımız gücümüzün ifadəsidir, bayraq Gürcüstanı təşkil edən hər şeyi – onun dəyərlərini, şəxsiyyətini, inanclarını, keçmişdəki mübarizələrini və bugünkü və sabahkı qələbələrini əks etdirir, – Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani Sarayında Dövlət Bayrağı Günü tədbirində çıxışı zamanı deyib.
Zurabişvilinin sözlərinə görə, bayrağa hörmət etmək və onu qorumaq hər kəsin borcudur.
“Qürur, sevinc, ümid, mənim və yəqin ki, sizin də bu bayrağın gəlişini və ucaldılmasını seyr edəndə keçirdiyimiz hisslərdir. Bu bayraq hər kəs üçün çox şey ifadə edir. Əvvəla, bu, dövlətimizin, onun suverenliyinin, müstəqilliyinin rəmzidir. Bu bayrağın bizim üçün hörmət və ehtiramlı olması, sabahın ümidini ifadə etməsi üçün əcdadlarımız çox uzun müddət mübarizə aparıb, canından keçmişdir. Bayraq bizim birliyimizin, Gürcüstanın nə olduğunun və nə olacaqının simvoludur. Bayrağımız gücümüzün ifadəsidir və mən bunu gənclərə demək istəyirəm. Bu, sadəcə maddi rəmz deyil, bayraq Gürcüstanı təşkil edən hər şeyi – onun dəyərlərini, şəxsiyyətini, inanclarını, keçmişdəki mübarizələrini, bugünkü və sabahkı qələbələrini əks etdirir. Ona görə də hamımız bayrağa hörmət etməliyik və eyni zamanda məsuliyyət də hiss etməliyik ki, bu məsliyyət olmadan bu bayrağın heç bir mənası yoxdur. Biz xaricdə idmançılarımızı izləyəndə, qaliblər Gürcüstan bayrağının necə qaldırıldığına baxanda hamımız çox qürur duyuruq. Gürcüstanı bu formada və bu baxımdan təmsil etdikləri üçün onlara həqiqətən təşəkkür edirəm. Gürcüstan bayrağının artıq Avropa namizədi statusuna malik bir ölkənin bayrağı olduğunu və sabah o yeni, böyük, möhkəm birliyi yaratmaq üçün Avropa dövlətlərinin bayraqlarına qoşulacağını görəndə hamımız fəxr edirik. Bilirik ki, əsgərlərimiz bu bayraq altında ölkəmizi qoruyur və lazım olan yerdə, hər zaman, həmişə qoruyacaq və bu ölkənin suverenliyinin qarantı olacaq. Buna görə hörmət və minnətdarlığımızı bildiririk. Bu bayraq bütün bunları təmsil edir və beləliklə də biz onu qorumalıyıq, çünki o bizi qoruyur və bizi birləşdirən dəyərləri qoruyur. Bizim birliyimiz olmasa, bayraq öz gücünü, məqsədini itirər. Ona görə də biz hər şeyə rəğmən ölkədə və istənilən dövlətdə xalqın birliyi deyilən o çox böyük gücə nail olmağa borcluyuq. Gənclərə demək istəyirəm ki, bu bayraq sizindir, onu qorumaq sizin işinizdir, siz bu bayrağı bu ölkənin gələcəyi olan yerə gətirməlisiniz və bu bayraq altında mövcud olan dəyərləri dəyişməyə, Gürcüstanın fərqli obrazını yaratmağa heç kimə imkan verməyin. Bugün nə haqqında danışdığımı hamınız başa düşürsünüz və mən bu barədə danışmaq istəmirəm, amma siz başa düşürsünüz. Siz bu ölkəni qorumusunuz və bununla da bu bayrağı qoruyacaqsınız. Bu bayraq həmişə daimi Gürcüstanın simvolu olaraq qalacaq və ona qələbə arzulayıram”, – Salome Zurabişvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev