Salome Zurabişvili AYİB-in prezidenti ilə Gürcüstanın və regionun strateji inkişaf prioritetlərini müzakirə edib
Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Baso ilə Gürcüstanın və regionun strateji inkişaf prioritetlərini müzakirə edib.
Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, Orbeliani sarayında keçirilən görüşdə Salome Zurabişvili, inkişafında Avropa Yenidənqurma və İnkişaf Bankının mühüm rol oynadığı bir neçə əsas istiqamətə, o cümlədən enerji təhlükəsizliyinə, Gürcüstanın regional, birləşdirici funksiyasının gücləndirilməsinə və Avropa perspektivinə uyğun iqtisadi inkişafa diqqət çəkib.
Gürcüstan prezidenti bildirib ki, regionda və Avropada cərəyan edən proseslər fonunda digər ölkələrdən asılılığı azaltmaq üçün ölkənin enerji müstəqilliyinin artırılması vacibdir. Onun sözlərinə görə, enerji səmərəliliyi Gürcüstanın daha çox iş görməli və tərəfdaşları tərəfindən dəstəklənməli olduğu sahədir.
“Prezident Gürcüstanın Avropa ilə Asiya arasında birləşdirici rolunun artdığını, bunun üçün regionda və Qara dənizdə sabitlik və sülhün vacib olduğunu vurğuladı” – deyə prezidentin mətbuat xidmətinin məlumatında deyilir.
Odil Reno-Basonun sözlərinə görə, AYİB ölkə iqtisadiyyatının inkişafına dəstək üçün yönəldiləcək ehtiyacların müəyyən edilməsi üzərində fəal işləyir.