Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi- ABŞ Dövlət Departamenti Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirir
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Gürcüstanın investisiya mühiti haqqında 2023-cü il hesabatını dərc edib və bu hesabatda bildirilir ki, Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi ölkədə əqli mülkiyyət obyektlərinin hüquqi mühafizəsini təmin edir. Bu barədə “Sakpatenti”nin yaydığı məlumatda deyilir.
“Dövlət Departamenti öz hesabatında qeyd edir ki, ABŞ-ın müvafiq qurumları əqli mülkiyyət hüquqları ilə bağlı məsələlərdə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi ilə fəal əməkdaşlıq edir və bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsi üçün birgə fəaliyyət göstərir”.
Məlumata görə, əqli mülkiyyətin mühafizəsi sahəsində Gürcüstan qanunvericiliyi beynəlxalq standartlara uyğundur və ABŞ Dövlət Departamenti əqli mülkiyyət sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və qanunvericiliyə uyğunlaşdırılması prosesində “Sakpatenti”nin rolunu müsbət qiymətləndirib.
ABŞ Dövlət Departamenti həmçinin qeyd edir ki, Gürcüstanda əqli mülkiyyət hüquqlarının təmin edilməsi baxımından vəziyyət yaxşılaşır. Mövcud problemlərə gəlincə, hesabatda bildirilir ki, Birləşmiş Ştatlar Hökumətinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) mövcud problemlərin effektiv həlli üçün Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi və digər müvafiq dövlət qurumlarına dəstəyini davam etdirəcək.