Müdafiə naziri Cuanşer Burchuladze, Rustavi meri Nino Latsabidze və Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili Müstəqillik meydanının açılışını ediblər.
Müdafiə naziri həlak olmuş Qəhrəmanların Memorialında Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə və beynəlxalq missiyalarda həlak olmuş hərbi qulluqçuların xatirəsini ehtiramla yad edib.
Müdafiə Nazirliyinin məlumatında Cuanşer Burchuladzenin Ukraynada gürcü döyüşçülərin həlak olmasından məyusluğunu ifadə etdiyi və onların ailə üzvlərinə başsağlığı verdiyi deyilir.
“Rustavi sakinlərinin “Şöhrət xiyabanı” kimi tanıdığı ərazi tamamilə bərpa olunub. Yenilənmiş istirahət məkanı yeni 26 May abidəsi ilə başlayır. Meydandakı memoriallar, o cümlədən Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü, eləcə də qlobal sülh uğrunda gedən döyüşlərdə həlak olmuş gürcü döyüşçülərin xatirəsinə ucaldılmış abidələr tamamilə yenilənib.
Yenilənən meydanda piyada və velosiped yolu, yaşıllıq zolaqları, çöl işıqlandırma şəbəkəsi, suvarma sistemi və istirahət guşələri salınıb. İstirahət sahəsi məhdud imkanlı şəxslər üçün uyğunlaşdırılıb. Layihənin icrasına bu ilin yazında başlanılıb. Meydanın bərpası Rustavi meriyasının təşəbbüsü ilə həyata keçirilib.
Tədbirdə Müdafiə Qüvvələrinin rəhbər şəxsləri, Kvemo Kartli üzrə dövlət nümayəndəsi, Rustavi meriyasının nümayəndələri və yerli sakinlər iştirak ediblər”- deyə nazirlikdə bildirilir.