Rustavi meriyasında “İntertrans”-ın Rustavi-Tbilisi marşrutu üzrə gediş haqqı tarifini özbaşına artırdığını və buna görə cərimələnəcəyini bildirirlər
Rustavi meriyasında “İntertrans”-ın Rustavi-Tbilisi marşrutu üzrə gediş haqqı tarifini özbaşına artırdığını və buna görə cərimələnəcəyini bildirirlər

 

Rustavi meri Nino Latsabidze sakrebulonun “Gürcü Arzusu” fraksiyasının nümayəndələri ilə birlikdə, Rustavi-Tbilisi marşrutu üzrə “İntertrans”-ın gediş haqqı tarifini özbaşına artırması ilə əlaqədar şirkət rəhbərliyi ilə görüşüb- bu barədə məlumatı Rustavi meriyası yayır.

Qurumun məlumatına görə, Nino Latsabidze görüşdə “İntertrans”-ın nümayəndələrinin izahatlarını dinləyib.

“İntertrans” şirkəti bu gün səhər saatlarından Rustavi-Tbilisi marşrutu üzrə gediş haqqı tarifini özbaşına artırıb. Rəsmi razılaşmaya əsasən isə, tarif artımı ilə bağlı şirkət mümkün qiymət artımından bir ay əvvəl munisipalitetə məlumat verməlidir, lakin yazılı müraciət şəhər munisipalitetinə yalnız dünən verilib” -deyə Rustavi meriyasının məlumatında qeyd olunub.

“Bu gün “İntertrans” şirkətinin nümayəndələri ilə görüşdük və meriya ilə razılaşdırılmadan nəqliyyat tarifinin niyə qaldırıldığı barədə məlumatı dinlədik. Niyə şirkət tarif artımı ilə bağlı qanunvericiliyə uyğun olaraq bir ay əvvəl deyil də, yalnız dünən bizə müraciət edib. Müqavilənin şərtlərini pozduqlarına görə onlara yönəlik qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq olunacaq. Onların xidmət keyfiyyəti tələblərimizə cavab verməyəndə, məhz gediş haqqı qiymətini qoruyub-saxlamaq motivi ilə biz şirkətə mümkün qədər loyal idik. Şirkətin təqdim etdiyi arqumentləri öyrənəcəyik. Bizim əsas marağımız Rustavi sakinlərinin zərər çəkməməsidir və təbii ki, “İntertrans”-da işləyən sürücülərin də maraqlarını nəzərə alacağıq, çünki onlar Rustavi sakinləridirlər və hər birinin arxasında ailəsi var. Munisipalitet nə Rustavi sərnişinlərini, nə də sürücüləri problem qarşısında tək qoymayacaq “-deyə Rustavi meri Nino Latsabidze bildirib.

Bununla yanaşı, Rustavi meriyasının məlumatına görə, “İntertrans” şirkəti gediş haqqı tarifinin artırılmasını yanacağın, eləcə də avtomobillərin ehtiyat hissələrinin və texniki xidmətin kəskin bahalaşması ilə izah edir.