Rusiya vətəndaşlarının olduğu kruiz laynerini Batumi limanında etirazla qarşılayıblar
Bütün gecə boyunca Batumi limanında etiraz aksiyası keçirilib.
Rusiya vətəndaşlarının olduğu “Astoria Grande” kruiz layneri səhər saat 06:00-da limana daxil olub. Aksiya iştirakçıları onu etirazla qarşılayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bir neçə dəfə ərazidə sözlü qarşıdurma yaşanıb. Ehtimal ki, on nəfərədək aksiya iştirakçısı saxlanılıb.
Limanın yaxınlığında Qoqebaşvili küçəsinin bir hissəsini hüquq-mühafizə orqanlarının əməkdaşları, digər hissəsini isə aksiya iştirakçıları bağlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları gəminin yaxınlığına səfərbər olunublar.
Kruiz laynerindən olan sərnişinlər ehtimal ki, tezliklə enməyə başlayacaqlar. Aksiyada şüarlar, fit səsləri eşidilir, müxtəlif pankartlar açılıb.
Vətəndaşlar, “Milli Hərəkat” və digər müxalifət partiyalarının nümayəndələri ərazidədirlər.
Kruiz laynerinin gəlişinə etiraz etmək üçün saat 00:00-da vətəndaşlar və müxalifət partiyalarının nümayəndələri Batumi limanına toplaşmağa başlayıblar. Hadisə yerində qarşıdurma da baş verib, nəticədə bir neçə nəfər saxlanılıb.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində Palau bayrağı altında üzən “Astoria Grande” kruiz laynerinə sanksiya tətbiq edilmədiyini və dünyanın müxtəlif limanlarında sərbəst hərəkət etdiyini bildiriblər.