Rusiya silahlı qüvvələri sentyabrın 26 gecə saatlarında Kiyevə pilotsuz uçuş aparatı ilə hücum edib, xəsarət alanlar var
Rusiya silahlı qüvvələri sentyabrın 26 gecə saatlarında Kiyevə pilotsuz uçuş aparatı ilə hücum edib. Yerli hakimiyyət məlumat yayır.
Kiyevin Solomianski rayonunda dronun düşməsi nəticəsində beşmərtəbəli yaşayış binasında və onun birinci mərtəbəsində yerləşən mağazada yanğın baş verib. Binadan 20 nəfər təxliyə edilib, dörd nəfər isə xəsarət alıb.
Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, Solomianski rayonundakı bir ofis binasına da ziyan dəyib. PUA-nın qalıqları digər ərazilərə də düşüb.
Məlumat üçün bildirək ki, sentyabrın 25-də Kiyevə qarşı həyata keçirilən miqyaslı hücumlar nəticəsində biri 14 yaşlı yeniyetmə daxil olmaqla, ümumilikdə yeddi nəfər həyatını itirib. 59 nəfər xəsarət alıb, onlardan 25-i xəstəxanada qalır və birinin vəziyyəti isə ağırdır. İki uşaq da xəstəxanaya yerləşdirilib.