Rusiya Müdafiə Nazirliyi Kiyevə və Ukraynanın digər bölgələrinə kütləvi hücumların artacağını bildirir
Rusiya Müdafiə Nazirliyi Moskvanın Kiyevə və Ukraynanın digər bölgələrinə hərbi hücumları gücləndirəcəyini bildirib.
Medianın məlumatına görə, nazirlik sözügedən bəyanatı oktyabrın 3-də Volodimir Zelenskinin “Reuters” agentliyinə verdiyi müsahibədə Ukraynanın Rusiyanın hərbi və sənaye obyektlərinə hücumları artıracağını bildirməsindən sonra verib.
“Bu təhdidə cavab olaraq, Rusiya Müdafiə Nazirliyi bir daha təsdiqləyir ki, xüsusilə Kiyev rejimi liderinin hərəkətlərinə cavab olaraq Kiyevə və Ukraynanın digər bölgələrinə kütləvi hücumları artıracaq. Ukrayna xalqı bunun üçün yalnız Kiyev rejiminin liderini günahlandırmalıdır. Zelenski tam şəxsi və siyasi məsuliyyət daşıyır”, – deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində Moskvanın Kiyev və digər şəhərlərə qarşı yeni hava zərbələrinə cavab olaraq Rusiyanın neft emalı zavodlarına hücumları ikiqat artıracağını bəyan edib. O, bu hərbi əməliyyatların hədəfinin dinc əhali olmayacağını deyib.