Rusiya Ermənistandan tərəvəz və çiyələk idxalını qadağan edib
Rusiya Ermənistandan tərəvəz və çiyələk idxalını qadağan edib

Rosselkhoznadzor mayın 30-dan etibarən Ermənistandan Rusiyaya pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına “müvəqqəti məhdudiyyətlər” tətbiq edib.

Qurum bildirib ki, qərar Ermənistandan gətirilən meyvə-tərəvəz məhsullarında pozuntuların artması və ölkənin fitosanitar təhlükəsizliyinin qorunması məqsədilə qəbul olunub.

Açıqlamada qeyd olunur ki, mövcud vəziyyət Rusiyanın fitosanitar vəziyyəti üçün təhlükə yaradır.

Bundan əlavə, 21–27 may tarixlərində Rosselkhoznadzor Ermənistan müəssisələrində yoxlamalar aparıb və istixanalarda karantin obyektlərinin mövcudluğunu aşkarlayıb.

Qurumun iddiasına görə, Ermənistandan Rusiyaya daxil olan tərəvəzin böyük hissəsi mülkiyyət forması məlum olmayan şirkətlər vasitəsilə idxal edilir və bu şirkətlər karantin fitosanitar nəzarətindən yayınırlar.

Qeyd edək ki, son həftələrdə Moskva artıq Ermənistan məhsullarının idxalına bir sıra məhdudiyyətlər tətbiq edib. Bundan əvvəl Rusiyaya Ermənistandan gül, mineral su və üç istehsalçıya məxsus spirtli içkilərin idxalı da qadağan edilmişdi.