Rus mediasının məlumatına görə, son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru hərəkət edən 180 pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hücum nəticəsində Moskva Neft Emalı Zavodunda yanğın baş verib

11:47, 18.06.2026

Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru hərəkət edən 180 pilotsuz uçuş aparatını vurub. Bu barədə Rusiya mediası məlumat yayıb.

Hücum nəticəsində Moskva Neft Emalı Zavodunda yanğın baş verib.

Rusiya mediasının yazdığına görə, Moskvaya dronlarla həyata keçirilən hücum cəhdi son iki ildə ən genişmiqyaslı hücum olub.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, Moskva vilayətinə qarşı həyata keçirilən kütləvi hücum zamanı bir neçə dron Moskva Neft Emalı Zavoduna çata bilib.

“HHM qüvvələri kütləvi hücumun qarşısını almağa davam edir. Bir neçə pilotsuz uçuş aparatı Moskva Neft Emalı Zavoduna qədər çata bilib”, – deyə Moskva meri bildirib.

Onun sözlərinə görə, dron qalıqları “Sadovod” ticarət mərkəzinin ərazisinə düşüb və burada kiçik ziyan qeydə alınıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun açıqlamasına görə, dron qalıqlarının fərdi yaşayış evinin damına düşməsi nəticəsində bir qadın xəsarət alıb. Bundan başqa, fitnes mərkəzi və Lyubertsı sənaye zonasında yerləşən obyektə ziyan dəyib. “Belaya Daça” ticarət mərkəzinin ərazisində isə damda yanğın baş verib. İlkin məlumata görə, burada xəsarət alan yoxdur.

Kütləvi hücum Rostov vilayətində insan tələfatına da səbəb olub. Qukovo şəhərində bir nəfər həlak olub, iki nəfər yaralanıb. Regionun qubernatoru Yuri Slusarın bildirdiyinə görə, Rostov vilayətinin beş rayonunda ümumilikdə 60 dron vurulub.

Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Oxşar