Rus dronu tərəfindən Rumıniyanın hava məkanının pozulması səbəbilə ölkə prezidenti Müdafiə Şurasının fövqəladə iclasını çağırıb
Rus dronu tərəfindən Rumıniyanın hava məkanının pozulması səbəbilə Rumıniya prezidenti Nicuşor Dan Müdafiə Şurasının fövqəladə iclasını çağırıb.
Nicuşor Dan bildirib ki, baş verən hadisəyə görə tam məsuliyyət Rusiyaya aiddir və o, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin Rumıniya vətəndaşlarına yayılmasına heç bir halda icazə verməyəcək.
Onun sözlərinə görə, “bu hadisənin görünməmiş xarakteri milli, müttəfiq və beynəlxalq səviyyədə qəti, koordinasiyalı və uyğun cavab tələb edir. Mən qəti şəkildə bildirirəm ki, bu insidentə görə tam məsuliyyət Rusiya Federasiyasına aiddir. Bu aqressiyanın kim tərəfindən törədildiyi və səbəbləri barədə heç bir qeyri-müəyyənlik yoxdur. Milli ərazinin və Rumıniya vətəndaşlarının qorunması mənim konstitusiya ilə təsbit olunmuş ali vəzifəmdir.”
Mediada yayılan məlumata görə, hadisə ilə bağlı həm Rumıniya, həm də Fransa Rusiyanın səfirlərini çağırıb.
Məlumata əsasən, Rumıniyanın Qalats sərhəd şəhərində Rusiyaya məxsus dron 10 mərtəbəli binaya çırpılıb. Nəticədə mənzillərdən birində yanğın baş verib və iki nəfər yaralanıb. Bu, Rus dronunun Rumıniyanın sıx məskunlaşmış ərazisində ilk dəfə zərər vurması kimi qiymətləndirilir.