Rumıniyanın şərq hissəsində daşqınlar nəticəsində 5 nəfər ölüb
Rumıniyanın şərq hissəsində daşqınlar nəticəsində 5 nəfər ölüb. Güclü yağış və külək Qalatsi və Vaslui bölgələrinə təsir edib. Onlarla ağac aşıb, maşınlara ziyan dəyib, yollar bağlanıb. Yerli sakinlər su basmış yaşayış məntəqələrindən təxliyə edilir, xilasetmə işlərinə helikopter cəlb olunur. Bu barədə məlumatı “Associated Press” yayıb.
Mətbuatın yazdığına görə, Rumıniyanın baş naziri Marsel Çolaku planlaşdırılan tədbirləri ləğv edərək fəlakət zonasına gedib.
“BBC”nin məlumatına görə, Mərkəzi Avropanın digər ölkələri, o cümlədən Çexiya, Polşa, Avstriya, Almaniya, Slovakiya və Macarıstan güclü yağış proqnozu ilə əlaqədar gözlənilən daşqınlara hazırlaşır. Avstriyanın dağlıq ərazilərində yağan güclü yağış artıq nəqliyyatın hərəkətini dayandırıb. Avstriya hakimiyyəti zərurət yaranarsa, minə qədər hərbçini bölgəyə yerləşdirməyə hazır olduqlarını bildirir.
BBC-nin yazdığı kimi, Çexiyanın paytaxtında daşqınlardan qorunma tədbirləri həyata keçirilir. Hava şəraitinin gözlənilən pisləşməsi ilə əlaqədar Çexiyada futbol oyunları və mədəni tədbirlər də ləğv edilib. Çexiyanın baş naziri Petr Fiala hökumətin böhran idarə heyətinin iclasından sonra bildirib ki, ölkə çətin həftəsonundadır və hökumət ən pis ssenariyə hazır olmalıdır.
KİV-in məlumatına görə, Polşanın baş naziri Donald Tusk ölkənin cənub-qərbində yerləşən və daşqınların gözlənildiyi Vrotslav şəhərinə səfər edib. Yerli hökumət əhaliyə mümkün elektrik kəsintiləri ilə bağlı xəbərdarlıq edib və onları ərzaq ehtiyatlarını saxlamağa çağırıb.