Rumıniyanın Konstanta şəhərinin limanında dron partlayıb, ərazidən təcili təxliyə həyata keçirilib
Rumıniyanın Konstanta şəhərinin limanında pilotsuz uçuş aparatı (dron) partlayıb, bundan sonra liman ərazisindən təcili təxliyə həyata keçirilib. Hökumət “qırmızı” fövqəladə planı işə salıb və əhaliyə ərazini tərk etmək tövsiyə olunub.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Mediada yayılan xəbərlərdə bildirilir ki, dron Ukraynaya məxsus olub və onun üzərində onlarla kiloqram partlayıcı maddə daşınıb.
Hələlik dronun Rumıniya limanına necə düşdüyü məlum deyil.
Rumıniya Müdafiə Nazirliyi bəyan edib ki, belə dəniz dronları Ukraynada davam edən müharibədə istifadə olunur və insident təsdiqlənib, araşdırma başlanıb.
Konstanta limanında baş verən hadisəyə ölkə prezidenti Nicușor Dan da reaksiya verib. O bildirib ki, hadisə barədə ona Monteneqroya, Avropa İttifaqı–Qərbi Balkanlar sammitinə uçarkən məlumat verilib.
Onun sözlərinə görə, hazırda nə ölənlər, nə də yaralananlar barədə məlumat yoxdur və dronun limana necə düşdüyü araşdırılır.
Prezident əlavə edib ki, vəziyyət nəzərə alınaraq hakimiyyət yüksək hazırlıq rejimini davam etdirəcək və NATO çərçivəsində müttəfiqlərlə sıx əməkdaşlıq ediləcək.