Romeo Mikautadze iqtisadiyyat nazirinin birinci müavini təyin edilib
Romeo Mikautadze Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini təyin edilib. O, indiyədək iqtisadiyyat nazirinin müavini olub, energetika istiqamətinə rəhbərlik edib.
Nazir müavini təyin olunmazdan əvvəl, 2019-cu ildən Romeo Mikautadze MMC “Tbilservicegroup”un direktoru vəzifəsini tutub. Müxtəlif illərdə dövlət qurumlarında və dövlətin hissə iştirakı ilə yaradılan enerji şirkətlərində, eləcə də “Vartsixe SES Kaskadı”, “Zahes”, “Xramhesebi”, “Çxorotskuhes” və s. su elektrik stansiyalarında rəhbər vəzifələrdə çalışıb. Romeo Mikautadze 2017-2018-ci illərdə energetika nazirinin müavini, Energetika və İqtisadiyyat və Davamlı İnkişaf nazirliklərinin birləşməsi nəticəsində Birləşmiş Nazirlikdə isə nazir müavini vəzifələrində çalışıb. 2018-2019-cu illərdə isə Gürcüstanın Energetikanın İnkişafı Fondunun direktoru, daha sonra MMC “Energotrans” -nin rəhbəri vəzifələrində çalışıb.
Romeo Mikautadze energetika sahəsində həyata keçirilən layihəyə – 110 kv.m. Cakhunderi-Mestia elektrik ötürücü xəttin tikintisinə görə dövlət mükafatı – “Şərəf” ordeni ilə təltif edilib.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.