Roma Papası: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

20:02, 08.06.2026

Papa XIV Leo İspaniya parlamentində çıxışı zamanı bildirib ki, münaqişələrin eskalasiyası, qütbləşmənin dərinləşməsi və insan hüquqlarına hörmətsizlik dünyanı “dərin mənəvi və mədəni böhran”a sürükləyib.

Pontifikin sözlərinə görə, siyasətçilər səylərini müharibələrin dayandırılmasına və ən həssas insanların, o cümlədən miqrantların dəstəklənməsinə yönəltməlidirlər.

“Dünya zorakılıq, qütbləşmə və qarşılıqlı etimadsızlığın müxtəlif formalarında təzahür edən dərin mənəvi və mədəni böhran yaşayır. Silahlar müvəqqəti sükut yarada bilər, lakin heç vaxt həqiqi və davamlı sülh təmin edə bilməz”, – deyə Roma Papası bildirib.

Papa XIV Leo Avropada hərbi xərclərin artmasından da narahatlığını ifadə edib. Onun sözlərinə görə, müdafiə sahəsinə ayrılan vəsaitlərin həcminin ötən il Soyuq Müharibə başa çatdıqdan sonra ən yüksək səviyyəyə çatması narahatedici tendensiyadır.

Reuters yazır ki, Roma Papasının İspaniya parlamentində çıxışı tarixi hadisədir, çünki ölkə tarixində ilk dəfə belə formatda müraciət baş tutub.

Papa XIV Leo iyunun 6-dan 12-dək İspaniyada rəsmi səfərdədir. Məlumatlara görə, səfər çərçivəsində Madriddə açıq havada keçirilən ayində bir milyondan çox insan iştirak edib.

Bununla yanaşı, mövcud məlumata əsasən, Papa XIV Leo sentyabrın 25-dən 28-dək dövlət səfəri ilə Fransaya gedəcək. Bu, Roma Papasının son iyirmi ilə yaxın müddətdə Fransaya ilk rəsmi səfəri olacaq.

Oxşar