Robert Fitso Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüş zamanı İrakli Kobaxidzeni parlament seçkilərində hakim komandanın qələbəsi münasibətilə təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə görüşüb. Bu haqda məlumatı Hökumət Administrasiyası yayır.
Qurumun məlumatında, Slovakiyanın Baş nazirinin İrakli Kobaxidzeni parlament seçkilərində hakim komandanın qələbəsi münasibətilə təbrik etdiyi deyilir.
“Görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasına diqqət yetirilib və tərəfdaşlığın daha da dərinləşməsinə dair hazırlıq ifadə olunub. Baş nazir İrakli Kobaxidze slovakiyalı həmkarına Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya prosesinə qəti dəstəyə görə minnətdarlığını bildirib.
Hökumət başçısı, Avropaya inteqrasiyanın ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu və bu prosesdə tərəfdaşların dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Həmçinin, tərəflər sektoral əməkdaşlıqdan, ticarət-iqtisadi istiqamətdə mövcud potensialdan və turizmin təşviqindən danışıblar. Baş nazir slovakiyalı həmkarını Gürcüstana rəsmi səfərə dəvət edib” – hökumət tərəfindən yayılmış məlumatda deyilir.