Rezervistlər hərbçilər və xilasedicilərlə birlikdə fəlakət zonasında likvidasiya işlərini yerinə yetirirlər
Gürcüstan Müdafiə Qüvvələrinin hərbi xidmətçiləri Şovidə cari təbii fəlakətin nəticələrinin aradan qaldırılması və axtarış əməliyyatlarını davam etdirirlər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təbii fəlakət zonasında Milli Qvardiyanın 10-cu kadrlaşdırılmış briqadasının 102-ci Ərazi Müdafiə Batalyonunun ehtiyatda olan əsgərləri hərbçilərlə birgə işləyirlər.
“Əvvəlcədən hazırlanmış plana əsasən, 102-ci taborun şəxsi heyəti hərbçilər və Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin xilasediciləri ilə birlikdə axtarış-xilasetmə tədbirlərində iştirak edir. Onlar fəlakət zonasında üç lokasiya üzrə bölünüblər və dəstək tədbirləri həyata keçirirlər. Şəxsi heyət Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin təlimatçılarının rəhbərliyi altında xüsusi təlimdən keçib.
Ötən il 102-ci Ərazi Müdafiə Batalyonu Borcomidə yanğınsöndürmə işlərində aktiv olaraq iştirak edib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması və axtarış işlərinə Müdafiə Qüvvələrinin Şərq və Qərb komandanlıqlarının hərbi xidmətçiləri, döyüş-mühəndis batalyonları və qoşunların maddi-texniki təminatı komandanlığı xüsusi texnika ilə cəlb olunub”-deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.