“Reuters” – İsrailin Livanın cənubuna hücumu nəticəsində üç jurnalist həlak olub
İsrailin Livanın cənubuna hücumu nəticəsində 3 jurnalist həlak olub.
Bu barədə “Reuters” məlumat yayıb.
Livan mediasının məlumatına görə, səhər saatlarında Hasbaya şəhərinə hücum nəticəsində azı 3 jurnalist həlak olub. Onların arasında Qassan Nəccar və iranpərəst “Əl-Məyadin” media orqanının operatoru, həmçinin “Hizbullah”a yaxın olan “Əl-Mənar” telekanalının operatoru Məhəmməd Reda da var.
Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, kişilərin yatdığı bungalov birbaşa zərbənin hədəfi olub.
“İşğalçılar tərəfindən jurnalistlərin iqamətgahına hücum əvvəlcədən planlaşdırılıb. Digər ərəb kanallarının jurnalistləri də yaralanıb”. – “Əl-Məyadin”in direktoru Qassan bin Jido bildirib.
İsrail hələ ki, şərh verməyib.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) oktyabrın 24-nə olan məlumatına görə, onların ilkin araşdırmalarına görə, müharibə başlayandan bəri Qəzza zolağında azı 128 jurnalist və media işçisi öldürülüb. Livanda ən azı beş jurnalist, o cümlədən Reuters agentliyinin jurnalisti öldürülüb.