"Reuters" - İraqda hərbi bazaya hücum nəticəsində bir neçə amerikalı əsgər yaralanıb
"Reuters" - İraqda hərbi bazaya hücum nəticəsində bir neçə amerikalı əsgər yaralanıb

 
İraqda hərbi bazaya hücum nəticəsində bir neçə amerikalı əsgər yaralanıb. Bu haqda məlumatı “Reuters” agentliyi amerikalı rəsmi şəxslərə istinadən yayır.

Rəsmi şəxslər, ehtimal olunan raket hücumunun İraqda Al-Asad aviabazasına həyata keçirildiyini bildiriblər.

“Bazanın personalı hücumdan sonrakı zərərin qiymətləndirilməsini aparır” – mənbələrdən biri “Reuters” agentliyinə deyib.

Eyni zamanda, təhlükəsizlik xidmətindəki mənbə qeyd edib ki, İraqın qərbində yerləşən baza istiqamətində iki ədəd “Katyuşa” raketi buraxılıb və onlar bazaya düşüb.

Keçən həftə ABŞ İraqa hücum həyata keçirib. Amerika tərəfinin məlumatına əsasən, hücumun hədəfi dronlar buraxmağı planlaşdıran və Amerika və koalisiya qüvvələrinə təhlükə yaradan döyüşçülər olub.

Eyni zamanda, Amerika Birləşmiş Ştatlarında İran və “Hizbullah”ın yaxın saatlarda İsrailə cavab hücumunu həyata keçirəcəyini gözləyirlər.

Məlumat üçün bildirək ki, keçən həftə Tehranda “HƏMAS”ın siyasi lideri İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra İran İsraili cavab tədbirləri ilə hədələyir. Bununla yanaşı, ABŞ-ın müdafiə katibi Lloyd Ostin, Amerikanın qoşunlarını qorumaq və İrandan və onun dəstəklədiyi qruplardan gələn təhlükələrə qarşı İsrailə kömək etmək üçün Yaxın Şərq və Avropaya ballistik raketləri vura bilən Hərbi Dəniz Donanmasının əlavə kreyserləri və esmineslərini göndərməyə razılaşıb.