Rəcəb Tayyib Ərdoğan Qərbi İsrailə qarşı çəkindirici tədbirlər görməyə çağırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi İsrailə qarşı “qanunverici tədbirlər” görməyə çağırıb. O, mətbuat konfransında müvafiq açıqlama verib.
Ərdoğanın sözlərinə görə, İsrailin Livana həyata keçirdiyi hücumlar İsrail hökumətinin bölgədə müharibəni yaymağı planlaşdırdığını göstərdi.
“Reuters”in yazdığı kimi, Ərdoğan mətbuat konfransında deyib ki, BMT Baş Assambleyasında çıxışının əsas mövzusu İsrailin Qəzzada müharibəsi olacaq.
“Bölgəmizin böyük bir fəlakətə sürüklənməməsi üçün İsrailə təzyiqlər daha da gücləndirilməlidir. Dünya sülhünü qorumaq missiyası daşıyan bütün ölkələrin İsraili dayandıracaq həll yolları ilə çıxış etmələrinin vaxtı çatıb. Bir ilə yaxındır davam edən bu zülmə son qoymaq, daimi atəşkəs yaratmaq və humanitar yardımların maneəsiz çatdırılmasını təmin etmək üçün hamımızın, bütün dünyanın, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının üzərinə mühüm vəzifələr düşür. ” – Ərdoğan bildirib.