Rəcəb Tayyib Ərdoğan - Avropanın müdafiə səyində Türkiyənin tam iştirakı Avropanın sülh və təhlükəsizliyi üçün mühümdür
Avropanın müdafiə səyində Türkiyənin tam iştirakı Avropanın sülh və təhlükəsizliyi üçün mühümdür – bu haqda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı bildirib.
“Bu gün biz Avropanın üzləşdiyi mövcud çağırışları təhlil etmək üçün buraya toplaşmışıq. Bu çağırışlarda təkcə hərbi təhlükələr, terror hücumları və hibrid müharibə taktikası deyil, enerji təhlükəsizliyi, kiberhücumlar, miqrasiya, pandemiyalar, beynəlxalq hüququn sistemli şəkildə pozulması və müharibə nəzərdə tutulur” – Ərdoğan bildirib.
Türkiyənin Prezidenti Ukraynadakı cari vəziyyətdən danışıb və müharibənin uzanmasının diplomatiya üçün getdikcə daha az yer buraxdığını qeyd edib.
“Təəssüf ki, biz Avropada davam edən müharibənin üçüncü ilinə daxil oluruq. Ukrayna müharibəsinin mənfi nəticələri günü-gündən artır. Müharibənin uzanması diplomatiya üçün getdikcə daha az yer buraxır. Biz əvvəldən hər iki tərəfin iştirakı ilə uzunmüddətli və ədalətli sülhlə nəticələnəcək danışıqlar prosesini dəstəkləyirdik” – Ərdoğan qeyd edib.
Bununla yanaşı, Türkiyənin Prezidenti “İsrail tərəfindən Qəzzada həyata keçirilən soyqırımın” Ukraynada davam edən müharibədən daha böyük humanitar faciə olduğunu bildirib və atəşkəs və humanitar yardımın bölgəyə maneəsiz şəkildə çatdırılması üçün Avropa ölkələrini İsrailə təzyiq göstərməyə çağırıb.