Rəcəb Tayyib Ərdoğan Ankarada Frank-Valter Ştaynmayerlə görüşüb
Rəcəb Tayyib Ərdoğan Ankarada Frank-Valter Ştaynmayerlə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb. Almaniya prezidentinin qarşılanma mərasimində Türkiyənin xarici işlər naziri Hakan Fidan,maliyyə naziri Mehmed Şimşək, mədəniyyət və turizm naziri Mehmed Nuri Ersoy, kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Ərdoğanın baş müşaviri Akif Çağatay Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.

Rəcəb Tayyib Ərdoğan Ankarada almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı keçirib.

“Ümid edirik ki, Türkiyə və Almaniya xüsusilə müdafiə sahəsində maneələrdən daha çox birgə istehsal müəssisələrini müzakirə etməyə başlayacaqlar. Biz müdafiə sənayesində qarşılaşdığımız məhdudiyyətləri tamamilə aradan qaldırmaq istəyirik”, – deyə Ərdoğan birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ankara “terrorizmlə mübarizədə Almaniya hakimiyyətindən əlavə dəstək və həmrəylik” gözləyir.

Türkiyə lideri Qəzzada davam edən münaqişədən də danışıb və bildirib ki, Ankara anklavda atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək. Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu yalnız siyasi karyerasını inkişaf etdirmək üçün hərəkət edir və bununla da təkcə öz vətəndaşlarının deyil, bütün bölgənin təhlükəsizliyinə təhlükə yaradır.

“Türkiyə artıq İsraillə intensiv ticarət əlaqələri saxlamır və bu fəsil bağlanıb”, – deyə Ərdoğan bildirib.

Ərdoğan İsrailin Qəzzada qadın və uşaqları qətlə yetirdiyini qeyd edib və Almaniyanı “dəhşətli mənzərəni” görməyə çağırıb.