Rati Breqadze - Torpaqların sistemli qeydiyyatı nəticəsində istər dövlət, istər munisipalitet, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, torpaq sahələrinin mülkiyyətçilərinin kimliyi birdəfəlik müəyyən ediləcək
Parlamentdə keçirilən dörd komitənin birləşdirilmiş iclasında ədliyyə naziri vəzifəsinə namizəd Rati Breqadze torpaqların sistemli qeydiyyatı islahatlarının nəticələrindən danışıb.
“Ümumi Gürcüstan miqyasında torpaqların sistemli qeydiyyatı layihəsi başa çatacaq, bunun nəticəsində də istər dövlət, istər munisipalitet, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, torpaq sahələrinin mülkiyyətçilərinin kimliyi birdəfəlik müəyyən ediləcək və müvafiq olaraq, bu gün təxminən 1 000 000 hektar sahədə mövcud olan problemlər birdəfəlik və artıq qeyd etdiyimiz kimi əbədi olaraq öz həllini tapacaq” – Rati Breqadze qeyd edib.
Ədliyyə Nazirliyindən verilən məlumata əsasən, Dövlət Reyestrinin Milli Agentliyi bütün ölkə miqyasında davam edən və 2024-cü ilin sonunadək başa çatdırılacaq sistemli qeydiyyat islahatını həyata keçirir.
“Torpaqların sistemli qeydiyyatı başa çatdıqdan sonra dövlət torpaq idarəçiliyi və torpaqdan istifadə siyasətini daha səmərəli aparmaq, eləcə də mövcud təbii sərvət bazasının və mühafizə olunan təbiət ərazilərinin mühafizəsi və saxlanmasını asanlaşdırmaq imkanı əldə edəcək. Həmçinin iqtisadi dövriyyədə hüquqi cəhətdən təhlükəsiz obyektlərin sayı misli görünməmiş şəkildə artacaq” – Ədliyyə Nazirliyinin məlumatında qeyd olunur.