Rati Breqadze ABŞ baş prokurorunun müavini Brius Şvartsla görüşüb
Rati Breqadze ABŞ baş prokurorunun müavini Brius Şvartsla görüşüb

 

Ədliyyə naziri Rati Breqadze ABŞ baş prokurorunun müavini, Ədliyyə Departamentinin beynəlxalq əlaqələr üzrə katibi Brius Şvarts ilə görüşüb.

Ədliyyə Nazirliyindən verilən məlumatda görüşdə tərəflərin ədliyyə sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etdikləri və Gürcüstan və ABŞ arasında ekstradisiya sazişinin imzalanması istiqamətində fəal çalışacaqları barədə razılığa gəldikləri deyilir.

Rati Breqadze Ədliyyə Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən və davam etdirilən islahatlara verdiyi dəstəyə görə Brius Şvartsa təşəkkür edib. Nazir əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə Gürcüstanın Ədliyyə Nazirliyi ilə ABŞ Ədliyyə Nazirliyi arasında memorandumun imzalanması təşəbbüsünü dilə gətirib.

Görüşdə Ədliyyə Nazirliyi və Ədliyyə Departamentinin əməkdaşları üçün mübadilə proqramlarının həyata keçirilməsinə də toxunulub. Tərəflər Gürcüstan-Amerika hüquq forumunun keçirilməsi imkanlarını da müzakirə ediblər.

“Cənab Şvartsla Ədliyyə Nazirliyində görüşməkdən məmnunuq. Biz idarələrimiz arasında mövcud əməkdaşlığın konkret uğurlu nümunələri ətrafında fikir mübadiləsi apardıq. Həmçinin, biz yeni təşəbbüsləri müzakirə etdik ki, onların da həyata keçirilməsi gürcü-amerikan münasibətlərini hüquq sahəsində yeni, daha da yüksək səviyyəyə çıxaracaq” – deyə Rati Breqadze bildirib.

Görüşdə ədliyyə nazirinin müavini Beka Dzamaşvili iştirak edib.

Məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayır.