Cəmiyyətin bir qrupu ifrat bullinq kampaniyasını təzələyib, artıq buna dözmək qeyri-mümkün olur. Adıçəkilən qrup şəxsən mənə qarşı etnik mənsubiyyətimə görə terror edir və diskreditasiya ilə məşğul olur – bu haqda Gürcüstanın Birinci Kanalının “Rəngarəng Gürcüstan” qrupunun rəhbəri Ramilia Əliyeva sosial şəbəkədə yazır.
Ramilia Əliyeva bildirir ki, bir neçə ay əvvəl ona və əməkdaşlarına qarşı etnik zəmində terror kampaniyası başlayıb və bu gün də davam edir.
“2017-ci ildə ictimai yayımda layihə açıldı və mən şəxsən Gürcüstanın etnik azərbaycanlı və erməni gənclərini topladım, azərbaycanlı və ermənidilli əhalinin məlumatlandırılması üçün işləyəcək bir qrup yaratdıq – Gürcüstanda baş verən xəbərləri Azərbaycan və erməni dillərinə hazırlayıb tərcümə edəcəkdilər.
Qonşu ölkələrdə davam edən münaqişə fonunda Gürcüstanda yaşayan azərbaycanlılarla ermənilər arasında müəyyən gərginliyin olduğu heç kimə sirr deyil.
Ona görə də mənim və bu ideyanın tərəfdarları üçün, bu gənc jurnalistlərin hər cür kənar təzyiqlərdən, bullinqlərdən azad olacağı, eyni ölkənin vətəndaşları kimi bir-biri ilə normal işgüzar və mehriban münasibət quracaqları bir məkan yaratmaq çox vacib idi.
Beləliklə, bir otaqda işləməyə başladıq və bu günə qədər davam edirik.
Onu da qeyd etmək lazımdır ki, azərbaycanlı və erməni gənclərin birgə işləməsi və yaşaması ideyası hər kəs üçün məqbul olmadı və jurnalistlər azərbaycanlılar və ermənilərlə birgə işləməyə cəsarət etdiklərinə görə hər iki icmanın nümayəndələri tərəfindən çoxlu təzyiqlərə məruz qalırdılar.
Onu da demək lazımdır ki, bəziləri bu təzyiqə tab gətirə bilməyib, işdən getdilər
Bu gün bu komandada Gürcüstanın vicdanlı vətəndaşları olan, dünyagörüşü ölkədə və bütövlükdə regionda sülhün bərqərar olmasını nəzərdə tutan insanlar qalıblar.
Təəssüf ki, regionda vəziyyətin gərginləşməsinə paralel olaraq cəmiyyətin bir qrupu ifrat bullinq kampaniyasını təzələyib, buna anlayışla yanaşmaqç dözmək mümkün deyil.
Adı çəkilən qrup şəxsən mənə qarşı etnik zəmində terrorla məşğul olur və diskreditasiya ilə məşğuldur! Onlar Gürcüstan vətəndaşlarını etnik, dini, mənşəyinə görə seleksiya edir, açıq şəkildə onların aralarında münaqişə salmağa çalışırlar. Onlar bizi birbaşa hədələyirlər ki, etnik ermənilər və azərbaycanlılar bundan sonra da bir yerdə işləməsinlər.
Mən bütün cəmiyyətə müraciət edib soruşmaq istərdim ki, bir qrup insanın, etnik mənsubiyyətinə görə Gürcüstan vətəndaşlarının seleksiyası və bullinqi ilə məşğul olması nə deməkdir?! Bizi kim qoruyacaq?! Bu qrup üzvlərinin facebook səhifələrinə baxın və sizlər üçün onların dünyagörüşü aydın olacaq.
Mən də bu qrupun üzvlərinə müraciət edib birbaşa deyirəm ki, mən istefaya getməyəcəyəm və indiyə qədər gördüyüm, inandığım işi davam etdirəcəyəm. Çünki onlardan fərqli olaraq Gürcüstan mənim vətənimdir, mən Gürcüstanı sevirəm! Mən həmvətənlərimi, iş yoldaşlarımı, dostlarımı etnik mənsubiyyətinə, dini mənsubiyyətinə görə bölmürəm və Gürcüstanda adıçəkilən qüvvələrin çox böyük səylə cəhd etdikləri, yaratmaq istədikləri, ermənilər və azərbaycanlılar arasında münaqişənin baş verməməsi üçün hər şeyi edəcəm.
Mən həmçinin Gürcüstanın Daxili İşlər Nazirliyinə, Gürcüstanın Təhlükəsizlik Xidmətinə, Gürcüstanın Baş Prokurorluğuna müraciət edirəm ki, adıçəkilən təşkilata və onun sədrinə qarşı müvafiq tədbirlər görsünlər və istintaqa başlasınlar. Çünki əsaslı şübhəm var ki, mən və əməkdaşlarım real təhlükə altındayıq. Öz ölkəmizdə etnik mənşəyimizə görə işləməyimiz qadağan edilir və təhdid edilirik.
Bu qrupun xahişinə gəlincə, belə çıxır ki, mən əslən azərbaycanlı olduğum üçün istefa verməliyəm – qəti şəkildə bildirirəm ki, istefa verməyəcəm!
Bəli, mən istefa verməyəcəyəm! Çünki, bu səbəbdən istefa verməklə çox sevdiyim ölkəmi, çox hörmət etdiyim ölkəmin qanunlarını, adət-ənənələrini təhqir etmiş, etnik mənsubiyyətinə görə heç vaxt ayrı-seçkilik etmədiyim gürcü, erməni, azərbaycanlı, kürd, abxaz, osetin, udin və yəhudi dostlarım təhqir etmiş olaram. Mən heç vaxt kiminsə etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını hiss etmədiyim, hətta buna dair bir eyhamının belə etikasız hesab edildiyi İctimai Yayımçını təhqir edərdim.
Bir insanın etnik mənsubiyyətinə görə tutduğu vəzifəsindən başqa vəzifəyə keçirilməsi Avropa qanunvericiliyinə zidd olması haqqında mən heç nə demirəm belə.
Beləliklə, mən gördüyüm işi davam etdirəcəyəm və Gürcüstanda etnik münaqişələrin qarşısını almaq üçün hər cür çalışacağam.
Mən etnik olaraq azərbaycanlıyam, müsəlmanam, qadınam, Gürcüstan vətəndaşıyam, nə qədər ki, sağam, belə olacam və heç bir təhdid məni bundan imtina etməyə məcbur edə bilməz!” – Ramilia Əliyeva yazır.