Racanın qubernatoru təbii fəlakət nəticəsində Şoviyə gedən yolların və körpülərin dağıldığını, ilk növbədə vətəndaşların helikopterlə təxliyyə edilməsinin lazım olduğunu bildirir [foto]
Şovi kurortuna gedən yollar və giriş-çıxış körpüləri dağılıb, xilasedicilər qrupu hadisə yerindədir və helikopter Tbilisidən yola düşüb, – Racanın qubernatoru Papuna Marqvelidze Gürcüstanın Birinci Kanalına bildirib.
Onun sözlərinə görə, hələ ki, xəsarət alanlar barədə onlarda məlumat yoxdur.
“Hələlik yaralananlar barədə heç nə bilmirik. Bununla bağlı da işlər aparılır. Orada ilişib qalanlarla əlaqə saxlayırıq. Kotteclər də dağılıb. Xilasetmə qrupu artıq bölgədədir. İlk növbədə vətəndaşları təxliyə etmək lazım gələcək və bununla bağlı plan üzərində işləyirik”, – deyə Marqvelidze bildirib.
Daxili İşlər Nazirliyi Şovidə baş vermiş sürüşmə ilə bağlı bəyanat yayıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı bütün aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq texnika hadisə yerinə səfərbər edilib.
“Şovidə yerləşən “Sunset Shovi” otelində baş verən sürüşmə nəticəsində torpaq kütləsinin çökməsi ilə bağlı 112-yə, İctimai İdarəetmə Mərkəzinə bir sıra məlumatlar daxil olub, ictimaiyyətin nəzərinə çatdırırıq ki, hadisə ilə bağlı bütün aidiyyatı qurumlar məlumatlandırılıb, əraziyə müvafiq texnika səfərbər olunub, əlavə texnika da əlavə edilir.
Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin xilasediciləri və digər polis bölmələrinin nümayəndələri Daxili İşlər Nazirliyinin sərhəd polisinin iki helikopteri ilə hadisə yerinə gedirlər.
Hazırkı mərhələdə xəsarət alanlar barədə dəqiq məlumat yoxdur, biz sizə mərhələli şəkildə əlavə məlumat verəcəyik”– deyə bəyanatda bildirilir.