Rəcəb Tayyib Ərdoğan: Əlləri 73 min günahsız qəzalının qanına bulaşmış qatillər şəbəkəsinin böhtanlarına əhəmiyyət vermirik. Tariximizdə heç vaxt soyqırımı olmayıb

11:57, 01.07.2026

“Tariximizdə nə soyqırımı, nə kütləvi qırğın, nə zülm, nə də müstəmləkəçilik olub”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan İsrail hökumətinin qondarma erməni soyqırımını tanıması ilə bağlı qərarına münasibət bildirib.

“Əlləri 73 min günahsız qəzalının, əksəriyyəti uşaq və qadın olmaqla, qanına bulaşmış qatillər şəbəkəsinin ölkəmizə qarşı yönəlmiş böhtanlarına heç bir əhəmiyyət vermirik. Tariximizdə nə soyqırımı, nə kütləvi qırğın, nə zülm, nə də müstəmləkəçilik olub”, – deyə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Ərdoğanın sözlərinə görə, İsrailin qəbul etdiyi qərar həm Qəzzada törətdiyi “barbar əməllər”, həm də Türkiyənin İkinci Dünya müharibəsi zamanı yəhudilərin Holokostdan xilas edilməsində oynadığı tarixi rolla müqayisədə heç bir dəyər daşımır.

“Nasist təqiblərindən qaçan insanların qorunmasında bizim də xidmətimiz olub. Türkiyəyə və türk xalqına böhtan atanlar bunu ən yaxşı öz tarixlərinə baxaraq görə bilərlər”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Xatırladaq ki, İsrailin xarici işlər naziri Gideon Saar iyunun 28-də bildirib ki, ölkə hökuməti qondarma erməni soyqırımının rəsmi şəkildə tanınmasını yekdilliklə dəstəkləyib. Müvafiq qanun layihəsi müzakirə üçün Knessetin plenar iclasına təqdim ediləcək və yekun səsverməyə çıxarılacaq.

Qeyd edək ki, “erməni soyqırımı” kimi tanınan hadisələr 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi qətli və deportasiyası ilə bağlıdır.

Oxşar