Qriqol Liluaşvili - bütün hüquq-mühafizə orqanları tərəfindən Kutaisidə xüsusi əməliyyat peşəkarlıqla həyata keçirildi
Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili Kutaisidə dünən keçirilən xüsusi əməliyyatın Daxili İşlər Nazirliyi və bütün hüquq-mühafizə orqanları tərəfindən peşəkar səviyyədə həyata keçirildiyini açıqlayıb.
O, banka hücum edən şəxsin kimliyinin dünən müəyyən edildiyini və onun haqqında başqa təfərrüatlar barədə danışa bilməyəcəyini bildirib.
Qriqol Liluaşvili məsələnin istintaqın səlahiyyətində olduğunu açıqlayıb.
“Daxili İşlər Nazirliyi və bütün hüquq-mühafizə orqanları tərəfindən dünənki xüsusi əməliyyat mükəmməl, peşəkarlıqla həyata keçirildi. Təbii ki, şəxsin kimliyi müəyyənləşdirildi, adı və soyadı dünən açıqlandı. Qalan təfərrüatları sizə deyə bilmərəm. Məsələnin istintaqın səlahiyyətində olmasından irəli gələrək, onlar tədqiq edərək hər şeyi sizə bildirəcəklər” -deyə Qriqol Liluaşvili bildirib.
Dünən, Kutaisi şəhərinin Rustaveli küçəsində yerləşən Gürcüstan Bankının filialına silahlı şəxs basqın təşkil edib. Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda hücumçunun külli miqdarda pul əldə etmək məqsədilə 14 nəfəri girov götürdüyü deyilir. Daxili İşlər Nazirliyi bütün girovları mərhələli şəkildə azad edib, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunu şübhəli şəxs qismində yerindəcə həbs ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.