Qoridə məşğulluq forumu keçirilib. Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatında əmək tədbirində həm böyük, zəncirvari brendlərin, həm də yerli kiçik və orta müəssisələrin nümayəndələrinin iştirak etdiyi deyilir. Ümumilikdə 30-dək şirkət 500-dən çox iş yeri təqdim etmişdi.
Forumda işaxtaranlar işəgötürənlərdən şəxsən məlumat almaq və istədikləri vakansiyanı seçmək imkanı əldə ediblər. Tədbir Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyi, Şida Kartli Dövlət Qəyyumluğu və Qori Munisipalitetinin Meriyasının təşkilatçılığı, “Kəndlərin İnkişafı Naminə Gənc Sahibkarlığ”ın dəstəyi ilə keçirilib.
Forumda yerli hakimiyyət, dövlət və qeyri-hökumət sektorlarının nümayəndələri iştirak ediblər.
“Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyi mütəmadi olaraq oxşar forumlar keçirir. Tədbirlərin məqsədi işaxtaranları və biznes sektorunun nümayəndələrini birləşdirməkdir. 2022-ci ildə agentlik Tbilisidə və regionlarda 5000-dən çox vakansiyanın təqdim edildiyi 15 forum keçirib”-deyə İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatında deyilir.