Qoça Lortkipanidze Haaqa Məhkəməsinin Apellyasiya Palatasının sədri seçilib
Qoça Lortkipanidze Haaqa Məhkəməsinin Apellyasiya Palatasının sədri seçilib

 
Hakim Qoça Lortkipanidze Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin ali struktur bölməsi olan sonuncu instansiyasının Apellyasiya Palatasının prezidenti seçilib.

Sözügedən məlumat məhkəmənin rəsmi saytında dərc olunub.

Bu günə kimi hakim Lortkipanidze beynəlxalq ədalət mühakiməsinin icrası prosesində fəal iştirak edir – o, “Prokuror Said Abdel Kaniyə qarşı” işi ilə bağlı şikayətlərin müzakirəsinə sədrlik edirdi, indi isə “Prokuror Bosko Ntaqandaya qarşı” işində reparasiya mərhələsində şikayətlərin müzakirəsinə sədrlik edir.

Apellyasiya Palatasının hakimi kimi o, üç digər şikayət, eləcə də Əfqanıstan, Filippin və Venesueladakı vəziyyətlərdən irəli gələn şikayətlərin müzakirəsində iştirak edib. Hakim Qoça Lortkipanidze məhkəmənin hüquqi mətnlər üzrə məsləhət komitəsinin üzvüdür. Həmçinin, məhkəmənin məsləhətçi rolunu müəyyən etmək üçün hakimlərdən ibarət işçi qrupuna rəhbərlik edir.

Qoça Lortkipanidze 2021-ci ilin aprelin 19-dan Haaqa Beynəlxalq Cinayət Məhkəməsində hakim vəzifəsini icra etməyə başlayıb. O, doqquz il müddətinə hakim vəzifəsinə seçilib. Qoça Lortkipanidze bu vəzifədə ilk gürcü hakimdir.